10 Mayıs 2012 Perşembe

Makroiqtisadi agentlər İqtisadi davranışın səciyyəvi xüsusiyyətlərinin aşkar edilməsinə əsaslanan ümumiləşdirmə 4 makroiqtisadi agentin fərqləndirilməsinə imkan verir. Bunlar ev təsərrüfatları, firmalar, dövlət və xarici sektordur. Ev təsərrüfatları (hauseholds) - iqtisadi fəaliyyətinin məqsədi faydalılığın maksimallaşdırılmasından ibarət olan məcmu, səmərəli fəaliyyət göstərən makroiqtisadi agentdir. Ev təsərrüfatları: - iqtisadi resursların (əmək, torpaq, kapital, sahibkarlıq qabiliyyəti) sahibidir. İqtisadi resursun satışından ev təsərrüfatları gəlir əldə edərək onun əksər hissəsini istehlaka sərf edir (istehlak xərcləri), qalan hissəsini isə qənaət edir və ona görə də: - əmtəə və xidmətlərin əsas alıcısı kimi çıxış edir; - əsas əmanətçi və beləliklə də, kreditor kimi çıxış edərək iqtisadiyyatda kredit vəsaitlərinin təklifini təmin edir. Firmalar - iqtisadi fəaliyyətinin məqsədi mənfəətin maksimallaşdırılmasından ibarət olan məcmu, səmərəli fəaliyyət göstərən makroiqtisadi agentdir. Firmalar: - iqtisadiyyatda əmtəə xidmətlərinin əsas istehsalçısıdır; - istehsal prosesinin həyata keçirilməsində zəruri olan iqtisadi resursların alıcılarıdır. İstehsalın genişləndirilməsi, kapital ehtiyatının artımını və kapitalın aşınmasının ödənilməsini təmin etmək üçün firmalara investisya malları (ilk növbədə avadanlıq) tələb olunur. Ona görə də onlar: - investisya mallarının alıcılarıdır, yəni iqtisadiyyatda istehsal olunan məhsulun bir hissəsinə tələb təqdim edirlər. Satışdan əldə olunan gəlir ev təsərrüfatlarına faktor gəlirləri formasında ödənildikdən, firmalar öz investisya xərclərini maliyyələşdirməkdən ötrü bir qayda olaraq, borcalma vəsaitlərdən istifadə edir və ona görə: - iqtisadiyyatda əsas borcalan kimi çıxış edərək kredit vəsaitinə tələb təqdim edirlər. Ev təsərrüfatları və firmalar iqtisadiyyatın özəl (xüsusi) sektorunu təşkil edirlər. Dövlət - iqtisadiyyatın tənzimlənməsində iqtisadi proseslərin gedişinə siyasi və hüquqi təsir göstərmək haqqı olan dövlət təşkilat və idarələrin məcmusu ilə təmsil edilən səmərəli fəaliyyat göstərən makroiqtisadi agentdir. Dövlətin bazar iqtisadiyyatında əsas vəzifəsi bazarın iflasa uğramasının qarşısını almasından və ictimai rifahın maksimallaşdırılmasından ibarətdir. Dövlət: - ictimai nemətlərin istehsalçısıdır; - dövlət sektorunun fəaliyyətini təmin etmək üçün zəruri olan əmtəə və xidmətlərin alıcısıdır; - milli gəlirin yenidən bölüşdürücüsüdür (vergi sistemi və transfetlər vasitəsilə); - dövlət büdcəsinin vəziyyətindən asılı olaraq maliyyə bazarında kreditor və ya borcalandır; - bazar iqtisadiyyatının fəaliyyətinin tənzimləyicisi və təşkilatçısıdır. Dövlət bu funksiyanı 2 yolla həyata keçirir: birincisi, iqtisadiyyatın səmərəli inkişafının institusional əsaslarını (qanunvericilik bazası, təhlükəsizlik sistemi, vergi sistemi və s.) qurmaqla. İkincisi, makroiqtisadi siyasəti keçirməklə. Makroiqtisadi siyasətin 2 forması mövcuddur: struktur və konyunktur. Sturuktur siyasət iqtisadi artımın təmin edilməsinə, konyunktur (sabitləşmə) siyasəti isə iqtisadiyyatda tsiklik dəyişmələrin zəifləməsinə (resursların tam məşğulluğunu və qiymətlərin səviyyəsinin sabitləşməsinin təmin edilməsi) istiqamətləndirilir. Makroiqtisadi siyasətin əsas növləri aşağdakılardır: fiskal və ya büdcə-vergi siyasəti; monetar və ya pul-kredit siyasəti; xarici ticarət siyasəti; gəlirlər siyasəti (“əmək haqqı - qiymət” siyasəti) Dövlət sektoru və xüsusi sektor qapalı iqtisadiyyatı təşkil edir. Xarici sektor (foreign sector) - müəyyən ölkəni dünyanın digər ölkələri ilə beynəlxalq ticarət - yəni, əmtəə və xidmətlərin alqı-satqısı (əmtəə və xidmətlərin idxal və ixracı) və kapitalın yerdəyişməsi, yəni, maliyyə aktivlərinin - qiymətli kağızların alqı-satqısı (kapitalın idxalı və ixracı) vasitəsilə birləşdirən, səmərəli fəaliyyət göstərən makroiqtisadi agentdir. Təhlilə xarici sektorun əlavə edilməsi açıq iqtisadiyyatdan xəbər verir.

Hiç yorum yok:

Yorum Gönder