10 Mayıs 2012 Perşembe

1.3 Məhsulun, gəlir və xərclərin dövr etməsi İqtisadi agentlərin davranışının daha tipik xüsussiyyətlərinin və iqtisadi bazarların fəaliyyətinin daha əhəmiyyətli qanunauyğunluqlarının aydınlaşdırılması makroiqtisadi qarşılıqlı əlaqələri ümumiləşdirməyə - yəni makroiqtisadi agentlərin makroiqtisadi bazarlarda davranışının qanunauyğunluqlarını tədqiq etməyə imkan verir. Bu isə məhsulun, gəlir və xərclərin dövr etməsi modelinin köməyilə hayata keçirilir. Əvvəlcə iki makroiqtisadi agentdən (ev təsərrüfatları və firmalar) və iki bazardan (əmtəə və xidmətlər bazarı, iqtisadi resurslar bazarı) ibarət olan iqtisadiyyatın iki sektorlu modelinə nəzər salaq (şək. 1.1). Firmaların istehsal elədiyi və bazarlara çıxardıqları əmtəə və xidmətlər (əmtəə və xidmətlərin, yəni məcmu məhsulun təklifini təmin edirlər) ev təsərrüfatları tərəfindən əldə olunur (əmtəə və xidmətlərə tələb təqdim edirlər). Əmtəə və xidmətləri istehsal etmək üçün firmalar iqtisadi resursları - əməyi, torpağı, kapitalı və sahibkarlıq qabiliyyətini onların sahibi olan ev təsərrüfatlarından əldə edirlər. Maddi axınlar pul axınları vasitəsilə ifadə edilir. Ev təsərrüfatları əmtəə və xidmətlərə görə pul ödəyərək firmaları satışdan əldə olunan gəlirlə (revenue) təmin edirlər, sonuncular isə, öz növbəsində, bu gəliri ev təsərrüfatlarına faktor gəlirləri, yəni : əmək haqqı (əmək faktoruna görə); renta (torpaq faktoruna görə); faiz (kapital faktoruna görə); mənfəət (sahibkarlıq qabiliyyəti faktoruna görə) şəklində ödəyirlər Ev təsərrüfatları əldə etdikləri gəliri əmtəə və xidmətlərin alınmasına sərf edirlər. Beləliklə, gəlir və xərclər dairə üzrə hərəkət edir. Hər bir iqisadi agentin gəliri xərclənərkən başqa iqtisadi agentə gəlir yaradaraq onun xərclərinin əsasını təşkil edir. Xərclərin artırılması gəlirlərin artmasına gətirib çıxarır, gəlirlərin artması isə gələcək xərclərin artırılmasına zəmin yaradır. Məhz buna görə model dövr etmə (dövri- axın) modeli adı almışdır. Maddi axınlar saat əqrəbinə əks istiqamətdə, pul axınları isə saat əqrəbi istiqamətində hərəkət edirlər. Satışdan əldə olunn gəlir Əmtəələrə və iqtisadi resurslara olan tələb - saat əqrəbi istiqamətində, təklif isə - İqtisadiyyatın iki sektorlu modelinin təhlilindən irəli gəlir ki: - hər bir maddi axının dəyəri pul axının kəmiyyətinə bərəbərdir; - məcmu məhsulun (buraxılışın həcminin) dəyəri məcmu (milli) gəlirin kəmiyyətinə bərabərdir; - məcmu xərclər (məcmu tələb) məcmu buraxılışa (məcmu təklifə) bərabərdir. - məcmu gəlir məcmu xərclərə bərabərdir. Ev təsərrüfatları səmərəli hərəkət edərək gəlirlərini əmtəə və xidmətlərin alınmasına tam xərcləmiyərək, onların bir qismini qənaət edib saxlayır və bu əmanətlər (saving - S) gəlir gətirməlidir. Firmalar isə istehsalın genişləndirilməsi və təmin edilməsi üçün əlavə vəsaitlərə, yəni kredit vəsaitlərinə ehtiyac duyurlar. Bu maliyyə bazarının yaranmasına zəmin yaradır və bu bazarda ev təsərrüfatlarının əmanətləri firmaların investisya resurslarına çevrilir (şəkil 1.2). Bu iki yolla baş verir: 1. ev təsərrüfatları öz əmanətlərini maliyyə vasitəçilərinə (ilk növbədə banklara) verir, firmalar isə onlardan kredit alır; 2. ev təsərrüfatları öz əmanətlərini firmalar tərəfindən buraxılan qiymətli kağızların alınmasına yönəldərək, onları birbaşa investisya resursları ilə təmin edir. Şəkil:1.2. Maliyyə bazarı daxil olmaqla, iqtisadiyyatın iki sektorlu modelində məhsulun, gəlir və xərclərin dövr etməsi. Birinci halda ev təsərrüfatları ilə firmalar arasında əlaqə pul bazarı vasitəsilə, ikinci halda isə bilavasitə qiymətli kağızlar bazarı vasitəsilə təyin edilir. Maliyyə bazarında əldə edilən vəsaitləri firmalar investisiya mallarının, ilk növbədə avadanlığın alınmasına sərf edirlər. Ev təsərrüfatlarının, əmtəə və xidmətlərin alınmasına görə istehlak xərcləri (consumption spending - C) firmaların investisya xərcləri ilə (investment spendig - İ) tamamlanır. Məcmu gəlir və məcmu məhsul arasındakı bərabərlik saxlandığından, makroiqtisadiyyatda hər iki göstərici eyni hərf ilə işarə edilir – Y (yield). Məcmu məhsulun həcmi məcmu xərclərin cəminə (expenditures - E) bərabərdir: Y = E İqtisadiyyatın iki sektorlu modelində məcmu xərclər ev təsərrüfatlarının istehlak xərclərindən (C) və firmaların investisya xərclərindən (İ): E = C+ I məcmu gəlir isə - istehlakdan (C) və əmanətlərdən (S) ibarətdir: Y = С + S Məcmu xərclərin (E) məcmu gəlirə (Y) bərabər olduğunu nəzərə alsaq С + I = С + S, investisyalar da əmanətlərə bərabərdir: I = S İnvestisya və əmanətlərin iqtisadiyyatda oynadığı rol müxtəlifdir. İnvestisyalar iqtisadiyyatda inyeksiya (injections) kimi, əmanətlər isə iqtisadiyyatdan müsadirə etmə kimi qəbul edilir. İnyeksiya - xərclərin axınını və beləliklə də, gəlirləri (istehlak xərcləri istisna olmaqla, çünki onlar nə inyeksiyalara nə də müsadirələrə aid edilmir) artıran hər bir şeydir. Müsadirələr - xərclərin axınını və beləliklə də gəlirləri azaldan hər bir şeydir. İnvestisyaların artması məcmu xərcləri (məcmu tələbi) artırır, istehlakçıları əlavə gəlirlərlə təmin edir, məcmu məhsulun (buraxılışın) artırılmasını stimullaşdırır. Əmanətlərin artması məcmu xərcləri azaldır və istehsalın azalmasına gətirib çıxara bilər. Tarazlı iqtisadiyyatda inyeksiyalar müsadirələrə bərabərdir. Təhlilə dövlətin daxil edilməsi iqtisadiyyatın iki sektorlu modelini üç sektorlu modelə çevirir və yeni makroiqtisadi əlaqələrin yaranmasından xəbər verir (şəkil:1.3). Birincisi, dövlət əmtəə və xidmətlərin tədarükünü edir (governement spendig-G) ki, bu da iqtisadiyyatın dövlət sektorunun saxlanmasının, ictimai nemətlərin istehsalının təmin edilməsinin, iqtisadiyyatın tənzimlənməsi və ölkənin idarə edilməsi üzrə funksiyaların yerinə yetirilməsinin zəruriliyi ilə bağlıdır. Bununla bərabər dövlət qulluqçularının əmək haqqı resurslar bazarında iqtisadi resursa görə ödəniş kimi deyil, əmtəə və xidmətlər bazarında xidmətə görə ödəniş kimi qəbul edilir. Əmtəə və xidmətlərin dövlət tədarükü iqtisadiyyatda istehsal edilən məhsula olan məcmu tələbi, yəni məcmu xərcləri artırır. İkincisi, dövlət hamını vergilərin ödənilməsinə məcbur edir (taxes-Tx). Bununla bərabər, dövlət milli gəlirin yenidən bölüşdürücüsü rolunda çıxış edərək, nəinki vergiləri yığır, hətta transfertləri də ödəyir (transfer payments - Tr). Transfertlər - ev təsərrüfatları və firmaların dövlətdən təmənnasız aldıqları ödəmələrdir. Dövlətin ev təsərrüfatlarına transfert ödəmələri təqaüdlərdən, pensiyalardan, işsizliyə görə müavinətlərdən, yoxsulluğa görə müavinətlərdən və s. müxtəlif sosial ödəmələrdən ibarətdir. Dövlətin firmalara transfert ödəmələri – subsidyalardır (subsidies). Üçüncüsü, dövlət büdcəsinin vəziyyətindən asılı olaraq dövlət maliyyə bazarında kreditor, yaxud borcalan kimi çıxış edə bilər. Əgər dövlətin xərcləri (dövlət tədarükü + transfertlər) dövlətin gəlirlərini üstələyirsə (vergiləri), yəni dövlət büdcəsinin kəsiri mövcuddursa, dövlət öz xərclərini ödəmək üçün borcalan kimi çıxış edərək maliyyə bazarından borc pul almalıdır. Buna görə o, dövlət istiqrazları buraxaraq onları qiymətli kağızlar bazarında ev təsərrüfatlarına satır. Ev təsərrüfatları əmanətlərinin bir qismini dövlət istiqrazlarının alınmasına sərf edir və dövlətə xərclərinin bir hissəsini ödəməyə imkan yaradır, yəni dövlət büdcəsinin kəsirini maliyyələşdirirlər. Bununla bərabər, dövlət öz istiqrazlarına görə ev təsərrüfatlarına faiz ödəyərək onları satınalma üçün cazibədar edir. Dövlət istiqrazlarına görə faizlərin ödənilməsi ev təsərrüfatlarının gəlirlərini artırır, lakin dövlət büdcəsinin xərcləri hesab olunur və dövlət borcunun xidmətinə görə xərclər adlanır. Əgər dövlətin gəlirləri onun xərclərini üstələyirsə, yəni dövlət büdcəsinin profisiti baş verirsə, dövlət, maliyyə bazarında özəl firmaların qiymətli kağızlarını alaraq kreditor kimi çıxış edə bilər. İqtisadiyyatın iki sektorlu modeli üçün edilən nəticələr üç sektorlu model üçün də qüvvədədir, yəni məcmu məhsul məcmu gəlirə, inyeksiyalar isə müsadirələrə bərabərdir. Lakin məcmu xərclər indi üç kompenentdən: istehlakdan (C), investisyalardan (İ) və dövlət tədarükündən (G) ibarətdir: Е = C + I + G, məcmu gəlir isə istehlaka (C), əmanətlərə (S) və xalis vergilərə(T) bölünür: Y = C + S + T Xalis vergilər - vergilərin (Tx) və transfertlərin (Tr) fərqindən ibarətdir: Т = Тх – Тr Əmtəə və xidmətlərin dövlət tədarükü - inyeksiya, xalis vergilər isə xərclər və gəlirlər axınından müsadirə olduğuna görə onların bərabərlik düsturu aşağıdakı şəkili alır: I + G = S + T Üç sektorlu modelin təhlili (iqtisadiyyatın qapalı modeli) göstərir ki, faktor gəlirlərinin cəmi, yəni iqtisadi resursların sahibləri tərəfindən (ev təsərrüfatlarının) qazanılan milli (məcmu) gəlir sərəncamda olan gəlirdən (disposal income - Yd), yəni ev təsərrüfatlarının öz istəyinə görə xərclədiyi gəlirdən fərqlənir. Sərəncamda olan gəlir milli gəlirdən ev təsərrüfatları tərəfindən dövlətə ödənilən vergilərin kəmiyyətinə (Tx) və dövlət tərəfindən ev təsərrüfatlarına ödənilən transfertlərin kəmiyyətinə (Tr) görə fərqlənir. Ona görə də sərəncamda olan gəliri almaq üçün milli gəlirdən vergiləri çıxıb və transfertləri əlavə etmək: Yd = Y - Tx + Tr və ya xalis vergiləri (T) çıxmaq lazımdır: Yd = Y – T Sərəncamda olan gəliri ev təsərrüfatları istehlaka (istehlak xərcləri) və əmanətə istifadə edir: Yd = C + S Dövr etmə modelinə xarici sektorun daxil edilməsi iqtisadiyyatın dörd sektorlu modelinə (şək. 1.4) - açıq iqtisadiyyatın modelinə gətirib çıxarır. Bu milli iqtisadiyyatın digər ölkələrin iqtisadiyatları ilə qarşılıqlı əlqalələrinin uçotunun zəruriliyini göstərir ki, bu da ilk növbədə əmtəə xidmətlərinin beynəlxalq ticarətinin, yəni onların ixracı və idxalının həyata keçirilməsi yolu ilə baş verir. Modeldə yalnız pul axınları əks olunduğundan ixrac (Ex) dedikdə - ixracdan əldə olunan gəlir, idxal dedikdə (İm) isə idxala görə xərclər başa düşülür. İxracla idxalın nisbəti ticarət balansında əks olunur. Əgər idxala görə xərclər ixraca görə gəlirləri üstələyirsə (İm > Ex) bu ticarət balansının kəsirinə uyğundur. Ticarət balansının kəsirinin maliyyələşdirilməsi xarici borcun hesabına baş verir və aşağdakı yollarla həyata keçirilə bilər: 1) əcnəbilərə maliyyə aktivlərinin satılması (dövlət və xüsusi qiymətli kağızlar - səhm və istiqrazların) və onların ödənilməsi nəticəsində ölkəyə pul vəsaitlərinin daxil olması ilə; 2) başqa ölkələrdən və Beynəlxalq Valyuta Fondu, Dünya Bankı və s. beynəlxalq maliyyə təşkilatlardan birbaşa borcların alınmsı ilə. Nəticədə ölkənin maliyyə bazarına xarici sektordan kapital axını adlanan pul vəsaitləri daxil olur və ölkə borcalan kimi çıxış edir. Əgər ixracdan əldə olunan gəlir idxala görə xərcləri üstələyərsə (Ex>Im) bu, ticarət balansının profisiti deməkdir. Bu halda ölkədən kapitalın axını baş verir, çünki, əcnəbilər ölkəyə öz maliyyə aktivlərini sataraq (kredit götürürlər) ixracın ödənilməsi üçün lazimi pul vəsaitləri alırlar. Bu halda ölkə kreditor kimi çıxış edir. Şəkil:1.4. İqtisadiyyatın dörd sektorlu modelində məhsulun, gəlir və xərclərin dövr etməsi Dörd sektorlu modeldə (açıq iqtisadiyyatın modelində) gəlir və xərclərin bərabərliyi saxlanılır. Xalis ixrac (net export - Xn) adlanan və ixracla idxalın fərqinə bərabər olan (Xn = Ex - Im) xarici sektorun xərclərini nəzərə alaraq bütün makroiqtisadi agentlərin xərclərinə bərabər olan məcmu xərclərin: Е = C + I + G + Xn və məcmu gəlirin düsturunu yazmaq olar: Y = C + S + T Məcmu xərclərlə məcmu gəlirin bərabərliyini (E = Y) nəzərə alsaq: C + I + G + Xn = C + S + T Bu düstur əsas makroiqtisadi bərabərlik adlanır. Əlavə olaraq, məcmu buraxılışın (məcmu məhsulun) dəyəri məcmu xərclərin kəmiyyətinə bərabərdir: Y = Е= C + I + G + Xn Əsas makroiqtisadi bərabəlikdən inyeksiya və müsadirələrin bərabərlik düsturunu almaq üçün nəzərə almaq lazımdır ki, xalis ixrac göstəricisində inyeksiya kimi xarici sektorun ölkənin məhsuluna olan xərclərini (tələbi) əks etdirən yəni, məcmu xərclərin bir hissəsi olan və gəlir və xərclərin axınını artıran ixrac və ölkənin (ev təsərrüfatlarının) məcmu gəlirlərinin bir hissəsinin xarici sektora axınını və beləliklə də, daxili xərcləri azaldan müsadirə - idxal içtirak edir. Ona görə də iqtisadiyyatın dörd sektorlu modeli üçün bu düstur aşağdakı şəkildə olacaqdır: I + G + Ex = S + T + Im Dövr etmə modeli iqtisadiyyatda olan bütün qarşılıqlı əlaqələri və asılılıqları əks etdirir. Beləliklə, makroiqtisadiyyatın predmetinin tərifini daha dəqiq vermək olar: makroiqtisadiyyat - makroiqtisadi bazarlarda makroiqtisadi agentlərin davranış qanunauyğunluqlarını öyrənir. 1.4 Makroiqtisadi modellər və onların göstəriciləri Makroiqtisadi proseslər modellərin qurulması əsasında öyrənilir. Makroiqtisadi moldellər - iqtisadi proses və hadisələr arasında əsas qarşılıqlı əlaqələrin aşkar edilməsi məqsədilə onların formalaşdırılmış (qrafiki və ya cəbri) təsviridir. Modelin qurulması üçün tədqiq olunan prosesin daha vacib xüsusiyyətlərı seçilərək, tədqiqat üçün əhəmiyyəti olmayan amillərdən ayrılır (abstraklaşır). Beləliklə, model – iqtisadi proseslərin inkişafının əsas qanunauyğunluqlarının aşkar edilməsinə və iqtisadi artım, inflyasiya, işsizlik və s. kimi mürəkkəb makroiqtisadi problemlərin həlli variantlarını işləyib hazırlamağa imkan verən həqiqətin sadələşdirilmiş əksidir. Makroiqtisadi modellər - makroiqtisadi kəmiyyətlər arasında qarşılıqlı əlaqələri, iqtisadi hadisələr arasında səbəb - nəticə əlaqələrini aşkar edən nəzəriyyə, funksiya, qrafik, sxem, cədvəl şəklində çıxış edə bilər. Modellərdə iki növ dəyişənləri fərqləndirirlər: ekzogen və endogen. Ekzogen dəyişənlər - qiyməti modeldən kənarda formalaşan, kənardan daxil olan dəyişənlərdir. Ekzogen dəyişənlər modeldə müstəqil kəmiyyət kimi çıxış edir. Endogen dəyişənlər - qiyməti modelin daxilində formalaşan dəyişənlərdir. Bu asılı dəyişənlərdir. Model ekzogen göstəricilərin dəyişməsinin endogen göstəricilərin dəyişməsinə təsirini göstərməyə imkan verir (şək. 1.5). Şək.1.5. Model və onun dəyişənləri Məsələn, istehlak funksiyasında (modelində) С = С (Yd), Burada C -məcmu istehlak xərcləri, Yd - sərəncamda olan gəlir, Yd -ekzogen dəyişən, C - endogen dəyişəndir. Bu modelin köməyi ilə sərəncamda olan gəlirin dəyişməsi istehlak xərclərinin nə dərəcədə dəyişməsini tədqiq etməyə imkan verir. İstehlak - asılı kəmiyyət (funksiya), sərəncamda olan gəlir isə - müstəqil kəmiyyət (funksiyanın arqumenti) kimi çıxış edir. Müxtəlif modellərdə eyni bir kəmiyyət həm ekzogen, həm də endogen ola bilər. Belə ki, istehlak modelində istehlak xərcləri (C)-endogen (asılı) kəmiyyət, yəni məcmu buraxılışı və məcmu gəliri təyin edən kəmiyyət kimi çıxış edir. Qeyd etmək lazımdır ki, siyasi dəyişənlər adlanan dövlət idarəçiliyi göstəriciləri bir istisna kimi çıxış edir. Bir qayda olaraq makroiqtisadi modellərdə əmtəə və xidmətlərin dövlət tədarükü, akkord vergilər, vergi dərəcələri, transfertlər, faizin ucot dərəcəsi, məcburi ehtiyatlar norması, pul kütləsi kimi göstəricilər ekzogen dəyişənlərdir. Makroiqtisadi dəyişənlərin vacib xüsusiyyəti onların iki qrupa - axınlar və ehtiyat göstəricilərinə bölünməsidir. Axınlar və ehtiyatlar anlayışları klassik misalda göstərilmişdir (şək. 1.6). Qabda olan suyun miqdarı – eytiyatdır, çünki bu onun hazırda olan miqdarıdır, krandan daxil olan su isə axındır, yəni vahid zaman ərzində qaba daxil olan və onun ehtiyatını dəyişən sudur. Axın (flow) - müəyyən zaman ərzində (makroiqtisadiyyatda, bir qayda olaraq, il ərzində) kəmiyyəti xarakterizə edən göstəricidir. Axın göstəricilərinə aiddir: il ərzində hesablanan məcmu buraxılış, məcmu gəlir, istehlak, investisyalar, dövlət büdcəsinin kəsiri (profisiti), ixrac və s. Dövr etmə modelində əks olunan bütün göstəricilər - axınlardır. Ehtiyat (stock) - müəyyən konkret vaxtda, müəyyən tarixə (məsələn, 1 yanvar 2007-ci il) olan miqdarı xarakterizə edən göstəricidir. Ehtiyat göstəricilərinə aiddir: milli sərvət, şəxsi sərvət, kapital ehtiyatı, işsizlərin sayı, istehsal potensialı, dövlət borcu və s. Makroiqtisadi göstəricilər həmçinin absolyut və nisbi göstəricilərə bölünür. Absolyut göstəricilər pulla (dəyərlə) (məsələn, məcmu buraxılış, milli gəlir, vergi daxilolmaları, məcmu investisya xərcləri və s.) və ya insanların sayı ilə (işsizlərin ümumi sayı, işçi qüvvəsinin sayı və s.) ifadə olunur. Nisbi göstəricilər faizlə və ya vahiddə pay ilə ölçülür (məsələn, işsizliyin səviyyəsi, qiymətlərin ümumi səviyyəsi, inflyasiyanın tempi, iqtisadi artım tempi, faiz dərəcəsi, vergi dərəcəsi və s.) Mövzu 2 Əsas makroiqtisadi göstəricilər. Milli hesablar sistemi 2.1. Milli hesablar sistemi və onun göstəriciləri Əsas makroiqtisadi göstəricilər Milli hesablar sisteminin tərkibinə daxildir. Milli hesablar sistemi (tam adı Milli məhsul və gəlirin hesabları Sistemi – System of National Product and Income Accounts) 1920-ci illərin sonunda Nobel mükafatı laureatı (1968-ci il) Saymon Kuznetsin rəhbərliyi altında Milli iqtisadi tədqiqatlar bürosunun bir qrup amerika alimləri tərəfindən işlənib hazırlanmışdır. İkinci dünya müharibəsindən sonra dünya ölkələrinin əksəriyyəti BMT-nin tövsiyələri əsasında Milli Hesablar Sisteminə daxil edilmiş makroiqtisadi göstəricilərin hesablanması metodikasını istifadə etməyə başlamışlar ki, bu da müxtəlif ölkələr üzrə makroiqtisadi müqayisələrin aparılmasına imkan verir. Milli hesablar sistemi – məcmu məhsul (buraxılış) və məcmu gəlirin həcmini xarakterizə edən və ölkə iqtisadiyyatının vəziyyətini qiymətləndirməyə imkan verən statistik makroiqtisadi göstəricilərin məcmusudur. Məcmu buraxılış və məcmu gəlirin əsas göstəriciləri aşağıdakılardır: ümumi daxili məhsul (ÜDM), ümumi milli məhsul (ÜMM), xalis daxili məhsul (XDM), Xalis milli məhsul (XMM), milli gəlir (MG), şəxsi gəlir (ŞG), sərəncamda olan şəxsi gəlir (SŞG). MHS-nin nəzəri əsasını məhsulun, gəlir və xərclərin dövr etmə modeli təşkil tdir. 1980-cı illərin sonunadək məcmu buraxılışın həcmini xarakterizə edən əsas göstərici kimi ümumi milli məhsul çıxış edirdi. Lakin müasir şaraitdə iqtisadi və təsərrüfat münasibətlərin beynəlmiləşməsi ilə əlaqədar olaraq və ümumim milli məhsulun hesablanmasında çətinnliklərin olması ılə bağlı (bu da onunla izah olunur ki, hər bir ölkənin milli istehsal faktorları bir çox dünya ölkələrində istifadə olunur) məcmu buraxılışın əsas göstəricisi ümumi daxili məhsul qəbul edilmişdir. 2.2. Ümumi daxili məhsul Ümumi daxili məhsul (Gross Domestic Product – GDP) – il ərzində iqtisadiyyatda (ölka daxilində) istehsal edilmiş bütün son əmtəə və xidmətlərin məcmu bazar dəyəridir. Bu tərifin təhlilə ehtiyacı var. - Məcmu. ÜDM – istehsalın ümumi həcmini, məcmu buraxılışı xarakterizə edən ümumiləşdirici göstəricidir. - Bazar. ÜDM-un dəyərinə yalnız rəsmi bazar sövdələşmələri, yəni alqı-satqı prosesini və rəsmi qeydiyyatdan keçmiş sövdələşmələr daxil edilir. Ona görə də ÜDM-ə daxil edilmir: - özünə işləmək (insan özü üçün ev tikir, mənzilini təmir edir, öz avtomobilini və ya televizorunu təmir edir və s.); - təmənnasız əmək fəaliyyəti (məsələn, təmənnasız yardım: qonşunun çəpərini təmir etmək, dostun mənzilini təmir etmək və s.); - gizli iqtisadiyyat tərəfindən istehsal edilən əmtəə və xidmətlərin dəyəri. Gizli yolla istehsal olunan məhsulların satışı bazar sövdələrin olmasına baxmayaraq rəsmi qeydiyyatdan keçmir və milli statistik və vergi orqanlar tərəfindən uçota alınmır. Beləliklə, gizli iqtisadiyyata nəinki qeyri-qanuni fəaliyyət növləri (narkobiznes, kazinilar), hətta tam leqal fəaliyyət göstərən, lakin əldə elədiyi mənfəətdən vergi ödəməyən fəaliyyət növləri də aid edilir. Belə “iqtisadiyyat sektorunun” istehsal həcmi inkişaf etmiş ölkələrdə məcmu buraxılışın 1/3-dən 1/2-dək təşkil edir. Gizli iqtisadiyyatın payının qiymətləndirilməsi üçün birbaşa hesablama metodları olmadıqdan dolayı metodlardan istifadə olunur. Belə metodlara rəsmi istehsalın təmini üçün lazımi elektrik enerjidən əlavə enerjinin istifadəsini və rəsmi sövdələrin xidmətinə görə ayrılan pul kütləsindən əlavə pulun tədavülə buraxılmasını aid etmək olar. - Dəyər. ÜDM istehsalın məcmu həcmini pul ifadəsində (dəyər formasında) ölçür, əks halda almaları avtomobillərlə, kompüterlərlə, yaxud bərbər xidmətini stomotoloq xidmətilə toplamaq mümkün olmazdı. Pul əmtəə və xidmətlərin dəyər ölçüsü olaraq iqtisadiyyatda istehsal olunan bütün müxtəlif əmtəə və xidmətlər növlərinin dəyərlərini müəyyən etməyə imkan verir. - Son məhsul. İqtisadiyyatda istehsal olunan bütün məhsul – son və aralıq məhsuldan ibarətdir. Son məhsul (final goods) – hər bir makroiqtisadi agentin son istehlakına sərf olunan və sonradan təkrar işlənməsi və ya təkrar satılması nəzərdə tutulmayan məhsuldur. Aralıq məhsul (intermediate goods) sonrakı istehsal prosesinə və ya təkrar satışa göndərilir. Aralıq məhsula xammal, materiallar, yarımfabrikatlar və s. aid edilir. Lakin istifadə etmə üsulundan asılı olaraq eyni bir əmtəə həm aralıq, həm də son məhsul ola bilər. Məsələn, evdar qadının dolma üçün aldığı ət son istehlaka sərf olunduğuna görə son məhsul hesab olunur, “Makdonalds” restoranının aldığı ət isə - aralıq məhsuldur, çünki emal olduqdan sonra son məhsul olan çizburqerin tərkibinə daxil edilir. Yalnız son məhsulun dəyərinin ÜDM-a daxil edilməsi təkrar (ikili) hesabdan (double accountinq) qaçınmağa imkan verir. Məsələn, avtomobilin dəyəri dəmirin dəyərindən, poladın dəyərindən və prokatın dəyərindən ibarətdir. Bu səbəbdən də bütün təkrar satışlar da ÜDM-un tərkibinə daxil edilmir, çünki onların dəyəri son istehlakçının ilk satınalması zamanı artıq qeydə alınmışdır. Əmtəənin son və ya aralıq məhsul olmasını ilk baxışdan müəyyən edilməsi mümkün olmadıqdan, son məhsulun dəyəri bilavasitə hesablana bilməz və o, əlavə dəyərə (value added) görə hesablanır. Bu üsul son məhsulun məcmu dəyərinin məcmu əlavə dəyərə bərabər olmasına əsaslanır. Bunu misalda göstərək (cədv.2.1). Fərz edək ki, fermer taxılı becərərək onu 5 manata dəyirmançıya, o isə, öz növbəsində, taxılı üyüdərək aldığı unu 8 manata çörəkçiyə satır. Çörəkçi undan xəmir yoğuraraq çörək bişirib və çörək satana 17 manata satır ki, o da çörəyi alıcıya 25 manata satır. Dəyirmançı üçün taxıl, çörəkçi üçün un, çörək satan üçün çörək – aralıq məhsuldur, alıcıya satılan çörək isə - son məhsuldur. Cədvəl 2.1. Əlavə dəyərin müəyyən edilməsi Satı şla rın dəyəri, man. Aralıq məhsulun dəyəri, man. Əlavə dəyər, man. Taxıl 5 0 5 Un 8 5 3 Xəmir 17 8 9 Çörək 25 17 8 Cəmi 55 30 25 Hər bir istehsalçı (firma) tərəfindən əlavə edilmiş dəyər satışdan əldə edilən gəlirlə digər istehsalçılardan (firmalardan) satın alınmış xammal və materialların dəyəri (aralıq məhsul) arasında olan fərqdir ki, bu da hər istehsalçının (firmanın) məcmu buraxılışının həcminə olan xalis qoyuluşdur. Firmanın əlavə dəyəri = Satışdan əldə edilən gəlir - digər firmalardan satın alınmış xammal və materialların dəyəri Firmanın bütün daxili xərcləri (əmək haqqı, amortizasiya, kapitalın icarəsi, mənzillərin icarəsi və s.) və həmçinin firmanın mənfəəti əlavə dəyərə daxi edilir. Göstərdiyimiz misalda fermer tərəfindən əlavə edilmiş dəyər 5 manata (5-0=5), dəyirmançı tərəfindən – 3 manata (8-5=3), çörəkçi tərəfindən – 9 manata (17-8=9), çörək satan tərəfindən – 8 manata (25-17=8) bərabərdir. Məcmu əlavə dəyər, yəni bütün istehsalçılar tərəfindən əlavə edilmiş dəyər 25 manat (5+3+9+8=25) təşkil edir və son istehlakçının ödədiyi dəyərə (son məhsulun dəyərinə) bərabərdir. Buna görə də ÜDM-un hesablanmasında son məhsulun dəyəri əlavə dəyərə görə hesablanır və iqtisadiyyatda bütün istehsalçılar (firmalar) tərəfindən əlavə edilən dəyərlərin cəmi kimi: Son məhsulun məcmu dəyəri = Bütün firmaların əlavə etdiyi dəyər və ya iqtisadiyyatda bütün satın alınların dəyərilə (total output) aralıq məhsulun məcmu dəyəri arasinda fərq kimi təsvir edilə bilər: Son məhsulun məcmu dəyəri = məcmu əlavə dəyər = bütün satın alınların dəyəri - aralıq məhsulun məcmu dəyəri - Əmtəə və xidmətlərin. Əmtəə və xidmətlərə mübadilə edilməyən ödəmələrin hamısı ÜDM-un dəyərində nəzərə alinmır. Belə ödəmələrə transfert ödəmələri və qeyri-məhsuldar (maliyyə) sövdələr aid edililir. Transfert ödəmələri (transfert payments) – xüsusi və dövlət ödəmələrinə bölünür və hədiyyəyə bənzəyir. Xüsusi transfertlər – xüsusi şəxslərin bir-birinə elədiyi ödəmələr və hədiyyələrdir (məsələn, valideyinlərin – övladlarına, qohumların – bir-birinə və s.). Dövlət transfertləri – dövlətin sosial təminat sistemi üzrə ev təsərrüfatlarına və subsidiya formasında firmalara ödəmələridir. Transfertlər aşağıdakı səbəblərə görə ÜDM-un dəyərinə daxil edilmir: - belə ödəmələrin nəticəsində yeni heç bir şey (nə əmtəə, nə də xidmət) istehsal edilmir və yalnız məcmu gəlirin yenidən bölgüsü baş verir; - transfert ödəmələri ev təsərrüfatlarının istehlak xərclərinə (bu onların sərəncamda olan gəlirinin bir hissəsidir) və firmaların investisiya xərclərinə (subsidiya formasında) daxil edilir. Maliyyə sövdələrinə (financial transactions) fond bazarında qiymətli kağızların (səhm və istiqrazların) alqısı və satqısı aig edilir. Qiymətli kağızlar əmtəə və xidmətlərin ödənilməsində istifadə olunmadığına görə belə sövdələr ÜDM-in həcmini dəyişmir və iqtisadi agentlər arasında vəsaitlərin bölgüsünün nəticəsi kimi cıxış edirlər. Lakin onu da nəzərə almaq lazımdır ki, xüsusi firmaların qiymətli kağızlarının satışından ələdə olunan gəlir ÜDM-in dəyərinə daxil edilir, çünki iqtisadi resursa görə ödəmə, yəni amil gəliri, milli gəlirin bir hissəsi hesab olunur. - İqtisadiyyatda (ölkə daxilində) istehsal edilən. Məhz buna görə ümumi daxili məhsul –ÜDM (Gross Domestic Product) ümumi milli məhsuldan – ÜMM (Gross National Product) fərqlənir. ÜDM – müəyyən ölkə ərazisində istehsal olunan (əhəmiyyəti yoxdur -milli və ya xarici istehsal amillərinin köməyi ilə) bütün son əmtəə və xidmətlərin məcmu bazar dəyəridir. ÜDM-i təyin edərkən ərazi faktoru meyar kimi nəzərə alınır. ÜMM isə - ölkə vətəndaşları tərəfindən onlara məxsus olan (milli) istehsal amilləri vasitəsilə (əhəmiyyəti yoxdur –ölkə ərazisində və ya başqa ölkələrdə) bütün son əmtəə və xidmətlərin məcmu bazar dəyəridir. ÜMM-i müəyyən edərkən milli mənsubiyyət faktoru əsas amil kimi çıxış edir. İnkişaf etmiş ölkələrin əksəriyyətində ÜDM -in həcmi ilə ÜMM-in həcmi arasında fərq 1%-dən çox deyil. Kəmiyyətcə ÜDM ÜMM-dən xaricdən daxil olan xalis amil gəlirinin (net property income from abroad) həcminə görə fərqlənir. Xalis amil gəliri (XAG) – ölkə vətəndaşlarının digər ölkələrdə milli amillərin (iqtisadi resursların) istifadəsi nəticəsində əldə etdikləri və qazandıqları gəlirlə ölkə ərazisində əcnəbilər tərəfindən onlara məxsus (xarici) amillərin istifadəsi nəticəsində əldə olunan gəlir arasında olan fərqdir: Makroiqtisadiyyat dərsliklərinin bəzilərində - xarici faktorlara görə əldə olunan xalis gəlir – XFXG (net foreign property income) göstəricisindən istifadə olunur. XFXG – ölkə ərazisində əcnəbilər tərəfindən əldə olunan gəlirlə ölkə vətəndaşları tərəfindən ölkədən kənarda əldə olunan gəlir arasında olan fərqdir. Bu göstərici mənfi işarə ilə xaricdən daxil olan xalis amil gəlirinə bərabərdir: XFXG = – XAG - Bir il ərzində. Bu şərtə görə müəyyən ildə istehsal olunmayan əmtəələr ÜDM-in hesablanması zamanı nəzərə alınmır, çünri uyğun illərin ÜDM-in dəyərində artıq nəzərə alinmışlar. Beləliklə, ÜDM-in müəyyən edilməsi zamanı əsas prisiplər aşağıdakılardır: - ikiqat (təkrar) hesaba yol verilməməsi; - gəlirlərin yenidən bölgüsünün nəticəsini deyil, yalnız məcmu buraxılışın həcmini dəyişən hər nəyin nəzərə alınması; - yalnız müəyyən ildə istehsal olunan məhsulun dəyərinin əks edilməsi.

Hiç yorum yok:

Yorum Gönder